Suyuq ( pərpətöyünlü)


Azərbaycan mətbəxinə mənsub pərpətöyünlü bir səbzi yemək - Suyuq (pərpətöyün otu haqqında bundan əvvəlki məqaləmdə yazmışam, keçmək üçün bura bas)


Gəncəbasar vilayətində bu səbzili yeməyə  Suyuq deyilir, bəzi vilayətlərdə isə pərpə aşı, ayranlı aş və s.  Ola bilsin Azərbaycanın başqa vilayətlərində bu yemək başqa ad ilə tanınır, o zaman yazın görək sizin şəhərdə, eldə, obada nə deyilir ?

Qeyd edim ki, bu yeməyin tərifini yazarkən, internetdə axtarış etdim və belə bir nəticəyə gəldim - Suyuq dediyim bu yemək həm Azərbaycanın bir çox vilayətlərində, həm Türk mətbəxində tanınır.

Ancaq !  Ancaq heç bir mənbədə yeməyin adı verilmir, sadəcə "pərpətöyünlü yemək", "ayranlı pərpə" və s. bizdə, türklərdə isə "Pirincli semizotu yeməyi" kimi tanınır. Yalnız Gəncəbasarda bu yeməyin dəqiq adı var - Suyuq. Necə deyərlər plov elə plovdur, dovğa - dovğadır, suyuqda elə suyuqdur ! )))

Suyuq müxtəlif göyərtilərin qarışımından  bişirilir - keşniş, şüyüd, ispanax, pərpətöyün, cincilim, yolotu, əmənkömənci və s.


Bu yeməyin təməl ərzaqalrı - soğan, yumru düyü və göyərtidir. Əlavə dad vermək üçün müxtəlif turş ərzaqlardan istifadə olunur - alınça, albuxara, lavaşana və s. Bu da məntiqə sığan bir əlavədir, çünki yeməyin özü ancaq soğança (yəni yağda qovrulmuş soğan) və göyərtidən ibarət olduğu üçün, dadı neytraldır, odurki əlavə dad ilə dadlandırmağa ehtiyac var.

Belə izah edim - necə ki plovda qarasız düyünün bir ləzzəti olmaz, eləcədə turşusuz Suyuğun)))

Beləliklə Azərbaycan mətbəxindən Pərpətöyünlü Suyuq
Lazım olan ərzaqalar :
2-3 dəstə pərpətöyün otu
1 baş soğan
2-3 y.q yağ
1-2 y.q yumru düyü
yarım stakan su
3-4 dənə alınça
duz

Əvvəl ön hazırlığımızı edək. Yumuru düyünü bulanıq suyu gedənədək yuyun, sonra isə suyun içində 10 dəq istağa qoyun.
Düyünü islatmaq vacib deyil, mən bunu edirəm ki, düyü sonra tez bişsin))




Pərpətöyünün çox qalın zolağlarını (əgər varsa) kəsib tullamaq, sonra isə təmiz yumaq.
Pərpətöyün torpağa yaxın bitdiyi üçün, yarpaqlar arasında qurd - cücü ola bilər, ona görə mən onu 10 dəq sirkəli suyun içndə saxlayıram ( ləyənin içinə su doldurmaq, səbzini əlavə etmək və üstündən 2-3 y.q sirkə tökmək).
Sonra axar suyun altında yumaq və suyu çəkilsin diyə aşsüzənin içində 10 dəq saxlamaq.
Sonra pərpətöyünü doğramaq.




Ön hazırlıq bitdi. Keçirik əsas məsələyə - yeməyi bişirməyə.
Xırda doğranmış soğanı yağda qovurmaq. Çox rəngini qaçırtmayın.


Elə ki soğan qovruldu, düyünün suyunu süzün və soğançaya əlavə edib 1-2 dəq qarışdırın yağın içində.


Əvvəl yarım stakan su tökün, sonra...


doğranmış pərpətöyünü və  bir neçə yerindən çəngəl ilə deşdəklənmiş alınçaları əlavə edin. Duzunu vurun.
 Səbzini əlavə edəndən sonra sizə elə gələcəkdir ki, suyu azalıb. su əlavə etmək lazımdır. Ancaq cəmi bir neçə dəq sonra səbzi elə su verəcəkdir ki, şorbadan betər olacaq)))


1 - 2 əl qarışdırın və qazanın qapağını yarımçıq örtüb, orta od üstündə 15-20 dəq bişirin. Bu müddət ərzində bir dəfə yoxlayın yeməyi, qapağı açıb qarışdırın, altını yuxarı, yuxarını isə aşağı. Görəcəksiz ki yemək sulanıb artıq, düyü isə şişibdir. Yenə qapağı yarımçıq vəziyyətdə örtün və yeməyi bişirməyə davam edin

Beləcə 15-20 dəq bişirin. Nəticədə yeməyin suyu tam deyil, ancaq xeyli çəkilməlidir, orta qatılıxda, smetan kimi olur Suyuğun qatılığı. Çox sulu olarsa, qorxuzu yoxdur, əppəyi suyuna batırıb yeyərsiz))
Suyuq sarımsaqlı qatıq ilə yeyilir. Necə ki Xəngəli sarımsaxlı qatıxsız, Şirini Fərhadsız, Leylini Məcnunsuz təssəvvür etmək olmaz, eləcə də Suyuğu sarımsaqlı qatıqsız süfrəyə vermək olmaz)))
Hər adambaşına yemək çəkilir və hər kəs istədiyi qədər yeməyin üstünə sarımsaqlı qatıq gəzdirib yeyir.

P.S. illər öncə bu yeməyi bir rus yemək portalında dərc etmişəm, orda Suyuğu əmənkömənci ilə bişirib göstərmişəm. Əgər maraxlıdırsa, onda aşağıdakı linkə basıb keçib, həmən o tərifə baxa bilərsiz. Həm şəkillər, həm məqalənin özü sırf mənə aiddir
https://webspoon.ru/receipt/sujjug-malva-s-risom-po-azerbajjdzhanski

Hiç yorum yok:

Yorum Gönder