Ev şəraitində Dönər (Homemade Doner kebab)


Şəhərdə hazır satılan dönərin içindəki ətdən kim tam əmin ola bilər ? Nə bilirsiz içndəki it yoxsa at ətidir ?
Bir neçə samballı bahalı restoran var ki, onlara inanmaq və etibar etmək olar (olarmı ?), bəs yerdə qalan ? Kim sizə zəmanət verər ki, orda istifadə olunan ət halal və təmizdir ?
Yaxşısı budur ki öz dönərimizi elə özümüz bişirək. Nədir ki ? Ət qovurmağı bacarmırıq ?
Uşağı göndərin aşağıdakı marketdən yuxa almağa, ona qədər Allah verən ətdən (mal, qoyun, toyuq) qovurma edən, üstünə pomidordan soğandan doğrayın, yuxaya bükün çıxardın ortalığa. Tər təmiz və halal !
Dönəri bişirməkdə bir neçə diqqət ediləsi məqam var ki, onları bircə-bircə sizə anladacam. Basın Davamı ! )



Dönərin bir yaxşı cəhəti odur ki, onu hər cür ətdən düzəltmək olar. Mən toyuq ətindəndə, mal ətindəndə düzəltmişəm, yaxşı qovurma bişirəndə ətin heç bir fərqi olmur.

Ancaq qoyun ətinin dönəri daha ləzzətli olur məncə. Toyuq dönəridə bəyənirəm, yaxşı alınır. Ancaq yenə də deyirəm, yaxşı qabiliyyətli qovurma bişirə bilsəz, onu qurutmadan yaxşı qovursaz, hər cür ət ilə yaxşı dadar.


Bu səfər qoyun əti ilə bişirdim dönəri. Əvvəl quyruğu lap xırda, kibrit başı boyda doğradım.
Belə xırda doğramağımın səbəbi - evdəki uşağn quyruq yeməməsidir.
Məndə biclik edib quyruğu lap xırda doğrayıram, quyruq həm əriyir gəşəng yağ salır, həm tam qovrulur xırt-xırt halında, heç uşağın xəbəri də olmur)))

Demək quyruq tam qovrulmalıdır, lap quruyub qırt-qırt hala düşənədək. Qovrularak yağ da salır. Bax bu yağda sonra əti qovuracam.
Qızarmış quyruqları qaşıq ilə tavanın içindən yığıram ayrıca bir boşqaba, onları ən axırda ətə qatacam (ona qədər özüm yeməsəm)))


Tavanı ocağın üstündən götürmədən lap xırda doğranmış əti tökürəm quyruq yağının içinə. Ocaq çox güclü olmalıdır ki, ət o saat qovrulmağa başlasın, su verməsin.
Su versə ət bərkiyir, gec bişir. Əgər ət çoxdursa, onda hissə-hissə qovurun, yaxud böyük tava götürün. Mən cəmi 2 nəfərlik bişirirdim kiçik tavada.


Demək hərdən qarışdıraraq əti yaxşı qovurun. Elə ki ət özünü tutdu, suyu-muyu çəkildi onda xırda doğramış soğanı əlavə edin. Bax indi ocağın altını ən zəif səviyəyə salın ki, soğan yanmadan yaxşı qovrulsun, tam "ərisin".
Ən axırda ədva vurun. Bilmirəm klassik dönərə ədva vurulur ya yox, mən vururam. 1 cimdik sarıkök, 1-2cimdik qırmızı toz bibər, mütləq istiot və təbii ki duz.

Ara bir qarışdırmağı unutmayın.
Sonra bu ətə mən yarım stakan su tökdüm. qapağı kip örtüb bişirdim. Ət tam bişməlidir, pilə kimi olmalıdır, suyu da tam çəkilməlidir, ət yağa düşməlidir, cırta-cırt qovrulmalıdır. Ancaq diqqət edin çox qurutmayın. Elə ki su çəkildi, yağa düşdü, demək hazırdır, ocaxdan alın.

Əgər mal ətindən bişirirsizsə, onda biraz suyunu çox tökün və çox bişirin, mal əti qoyuna nisbətən gec bişir.
Əgər toyuq ətindən bişirəcəksinizsə, onda su tökməyə ehtiyac yoxdur, toyuq tez bişəndir, elə qovura-qovura bişəcəkdir (söhbət broyledən gedir, qoca qartmış kənd toyuğu mal əti kimi çox bişməlidir)


Bu içliyin hazır halıdır. Gördüyünz kimi tikələr yaxşı qovrulub, yağa düşüb, suyu çəkilib, soğan "əriyib".
Bax indi qızarmış quyruqları qatın ətin içinə və qarışdırn. Uşaq elə yeyəcək, heç ruhu incimədən )))

Deyim sizə qovurma elə bu halda da yaman ləzzətlidir, çörəyi batır yağına ye ))) Bunu makaronun, vermişelin yanında vermək olar. Yaman ləzzətlidir )))


Ət bişənədək  kənarda lazım olan başqa ərzaqları hazırladım - keşnişi doğradım, pomidoru və soğanı incə-incə aypara şəklində doğradım.
Bunları hazır vəziyyətdə ocağın kənarında saxlayın. Yuxada həmçinin.


Artıq hər şey hazırıdr, indi qaldı  Dönəri təğdim etmə mərasimi ))) Yuxanın birini götürürəm,ortadan iki yerə qatlayıram (mənim yuxalarım çox böyük idi)  ətin üstünə batırıram bir tərəfini və qoyuram yuxanı masaya.

Əgər sizin yuxalar kiçik və nazikdirsə, onda iki yuxanı üst üstə qoyun, çox nazık ilanda isti ət yuxanı cırır.
Və birdə yuxa ev yuxası alın, market yuxasını stanok açır, onlar ayaqqapı dabanı kimi qalın qaltan olur. Çalışın bayat yuxa olmasın, həm kirri corab iyi verir, həm bayatlayan yuxa qalınlaşır.
Ən yaxşısı kiçik dükkanlarda satılan ev yuxasıdır.


Üstünən içlik qoyuram - əvvəl ət, sonra ...


sonra soğan, pomidor və ən üst qat keşniş ( sevməyən cəfəridən istifadə edə bilər).


Yuxanın əvvəl hər iki ucunu qatlayıram içəri ki, hər iki ucu da bağlı olsun, yeyəndə içlik tökülməsin, sonra yuxanı boru şəklində kip bükürəm.
Yerdə qalan yuxaları da eyni təkrarlayıram. Bir dəfə əti qarışdırıram ki, dibindəki yağ qalxsın yuxarı, yuxanı batırıram ətə və içlik qoyub bükürəm.
Bükən kimi də verin külfət yesin, soyuyanda ləzzəti qaçır. Burdan bükün, burdan da yeyin, konveyer kimi ))
Ərzaqların miqdarını vermirəm, evdəki qarın - mədə sayına görə ərzağınızı götürün. 

Hiç yorum yok:

Yorum Gönder